Dünyada Qeyri-adi və Maraqlı Xalçalar

Dünyada Qeyri-adi və Maraqlı Xalçalar Admin Dekabr 6, 2025

Dünyada Qeyri-adi və Maraqlı Xalçalar

unnamed-1-512x300-1

Dünyanın ən qədim xalçası
XX əsrin ortalarında rus arxeoloqları Altayda yerli türklərin Pazyryq (Basyryq) adlandırdığı ərazidə qədim kurqandan möhtəşəm bir artefakt aşkar etdilər. Skif tayfalarına aid bu sənət nümunələri arasında rəngini itirməyən və bu günə qədər qorunub saxlanılan bir xalça vardı. Bu, 2,500 il əvvəl Qarabağda toxunmuş Bərdə (Saga-Oğuz) xalçası idi.


Dünyanın ən böyük xalçası
Xalçaçılıq sahəsində dünyanın aparıcı ölkələri xalçaları yalnız gözəlliyinə və keyfiyyətinə görə deyil, həm də ölçülərinə görə qiymətləndirməyə çalışıblar. Müxtəlif dövrlərdə ölçülərinə görə fərqli xalçalar “dünyanın ən böyük xalçası” adlandırılıb. Təbriz xalçaçılıq məktəbinin şah əsəri, “Leçəkturunc” kompozisiyası ilə toxunmuş məşhur “Ərdəbil xalçası” uzun müddət “dünyanın ən böyük xalçası” kimi tanınıb.
Müasir dövrdə İran tekstil, xüsusilə xalçaçılıq sahəsində dünyanın aparıcı ölkələrindən biri hesab olunur. Buna görə də İranda müxtəlif illərdə toxunmuş “dünyanın ən böyük xalçaları” maraq doğurub. Dünyanın ən böyük kollektiv namaz xalçası Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən dünyanın ən böyük məscidlərindən birində döşənib. Bu xalçanın dəyəri 8 milyon ABŞ dollarıdır və eyni anda 9,000 nəfər üzərində ibadət edə bilir.
2001-ci ildə Türkmənistanda toxunmuş xalça Ginnesin Rekordlar Kitabına daxil edilib. Bu xalçanın çəkisi 1 ton 200 kiloqram, sahəsi isə 301 kvadrat metr idi. Bəzi ölkələrdə xalçalar ölçü və rəng baxımından fərqlənir. Romada keçirilən film festivallarının ən vacib elementlərindən biri qırmızı xalça mərasimidir. Dünyanın ən böyük qırmızı xalçası (1,300 kvadrat metr) festivalın açılışında girişdə sərilmişdir.


Dünyanın ən nazik xalçası
Dünyanın ən nazik xalçası Türkiyənin İstanbul şəhərində keçirilən Şərqi Aralıq Dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təqdim olunub. Əl ilə toxunmuş xalça Türkiyənin Kocaeli bölgəsinin Harake kəndindən gətirilmişdir. Bu sənət əsəri Ginnesin Rekordlar Kitabına “dünyanın ən nazik xalçası” kimi daxil edilib.
Xalçanı toxuyan Nuray Kıvançın sözlərinə görə, xalçanın hər santimetrinə 1,024 ilmə toxunub. O bildirir ki, bu xalça yalnız ən nazik deyil, həm də ən yüngül xalçadır. 15 qram çəkisi olan xalçanı gündə 10 saat işləməklə 5 ilə toxumaq mümkün olub.


Maraqlı xalçalar
Qeyri-adi, maraqlı və qəribə xalçalar artıq dünyada “dəyərli əl işləri” kimi tanınır. İran, Hindistan, Çin və Azərbaycanda peşəkar toxucular tərəfindən toxunmuş qeyri-adi xalçalar qəribə və maraqlı xüsusiyyətləri ilə seçilir. Bu bahalı xalçalar muzeylərdə və sərgilərdə nümayiş etdirilir, bir çoxu isə evləri özünəməxsusluğu ilə bəzəyir.
Qədim dövrlərdə toxunmuş xalçalar adətən təküzlü olurdu. Son illərdə toxunmuş bəzi xalçalar isə qeyri-adiliyi ilə seçilir – arxa hissəsi ön tərəfi kimi xovlu olur. Belə xalçalar “ikiüzlü xalçalar” adlanır.


Afrikada hörümçək torundan xalçalar hazırlanır. Afrikalılar bu xalçanı dörd il ərzində əsasən hörümçək torundan toxuyublar. Əmək tutumlu bu xalçanın dəyəri 500,000 ABŞ dollarıdır. Bu yüksək sənət nümunəsi hazırda ABŞ-ın Nyu-York Muzeyində saxlanılır.
ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində Çinin məşhur və nüfuzlu rəssamlarından biri olan Xu Bin 50,000 siqaretdən pələng dərisinə bənzər xalça “toxuyub”. Bu unikal əsərin yaradılmasında məqsəd insanları siqaret çəkmək kimi zərərli vərdişlərdən əl çəkməyə təşviq etməkdir. 199,5 kiloqram çəkisi olan xalça hazırda Virciniya İncəsənət Muzeyində nümayiş olunur.
Belçikanın paytaxtı Brüsseldə isə 1971-ci ildən bəri “beqoniya” güllərindən möhtəşəm xalça toxunur. Şəhərin mərkəzindəki məşhur Grand Place meydanında onlarla könüllü tərəfindən toxunan xalça təxminən 800,000 beqoniya çiçəyindən ibarətdir. Çiçəklər bir-bir düzülərək 2,000 kvadrat metrlik xalça formalaşdırılır. Hər il xalça müxtəlif naxışlarla toxunur.

Scroll to Top